Naxçıvan səhiyyəsi mətbuatda Xatirələrdə yaşayan tanınmış səhiyyə xadimi.

2020-09-29 / 12:07:42

     Bu il muxtar respublika səhiyyəsinin inkişafında özünəməxsus xidmətləri olan Əqil Mehdiyevin anadan olmasının 100 illiyi tamam olur. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2020-ci il sentyabrın 17-də Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Ömrünün 50 ildən çoxunu səhiyyə təşkilatçısı və həkim kimi muxtar respublika səhiyyəsinin inkişafına həsr edən Əqil Mehdiyev Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri vəzifəsində səmərəli fəaliyyət göstərmişdir. Əqil Mehdiyev muxtar respublikanın ictimai və sosial həyatında da yaxından iştirak etmiş, birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri olmuşdur.Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Əqil Mehdiyev Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görülmüş, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir”.

         Həkim və ictimai xadim kimi böyük nüfuza sahib olan Əqil Mehdiyev onu tanıyanların xatirəsində hələ də yaşayır. Bakı şəhərində yaşayan oğlu Səftər Mehdiyevlə əlaqə saxlayaraq atası barədə ətraflı söhbətləşdik. Deyir ki, 1920-ci ildə Naxçıvan qəzasının Nehrəm kəndində dünyaya göz açan Əqil həkimi daha çox “Əqil müəllim” deyə çağırıblar. Ona görə ki, bir müddət pedaqoji fəaliyyətlə məşğul olub, müxtəlif illərdə Ərəzin və Nehrəm məktəblərində işləyib. Altıncı sinfə qədər Nehrəm məktəbində oxumuş, sonra Bakı şəhərində yaşayan yaxın qohumlarının təkidi ilə ora köçmüş və təhsilini 18 saylı orta məktəbdə davam etdirmişdi. Burada ona nakam şairimiz Mikayıl Müşfiq dərs demişdi. Unudulmaz şair atamı çox vaxt “Aqil” deyə çağırarmış. Daha sonra atam 1937-ci ildə Naxçıvana qayıdır. Nehrəm məktəbində X sinif olmadığı üçün Naxçıvan şəhərinə gedir və orta təhsilini 1 nömrəli məktəbdə başa vurur.

         Həkim olmaq ən böyük arzusu imiş.1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olsa da, İkinci Dünya müharibəsi onun planlarını pozur, təhsilini başa vura bilmir, arzusu-diləyi yarım qalır. Müharibə dövründə yaranmış böyük zərurətə görə kənd məktəbində müəllim işləyir. 1941-ci ildə Ərəzin, bir il sonra Nehrəm kənd məktəbinə direktor təyin olunur. Tanınmış ağsaqqal Tofiq Abutalıbov o illəri belə xatırlayır: “İndi böyük ədib Cəlil Məmmədquluzadənin Nehrəmdəki Xatirə Muzeyinin yerində köhnə bir məktəb var idi. Həmin məktəbdə Əqil müəllim mənə də dərs deyib.  O,  çox tələbkar və olduqca dəqiq pedaqoq, yüksək təşkilatçılıq qabiliyyətinə malik insan idi. Həmin dövrdə Nehrəmdə ailələrlə görüşlər keçirər, qızların təhsilə cəlb olunması ilə bağlı söhbətlər aparardı. O,  Nehrəmdə böyük nüfuz sahibi idi. Hər hansı bir mübahisəli məsələdə mütləq Əqil müəllimin tövsiyəsinə, məsləhətinə əməl olunardı”.

         Əqil Mehdiyev 1953-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika  fakültəsinə qəbul olur. Artıq həmin vaxt ailə həyatı da qurmuşdu və 34 yaşı var idi. Oğlunun xatirələrindən belə məlum olur ki, atası tibb təhsili almaq üçün Bakıya gedəndə yaxın dostu Məmməddən o vaxtın pulu ilə 700 manat borc pul alıb. Bəzən onu qınayırmışlar ki, beş  nəfərlik ailəni Nehrəmdə qoyub həkim olmaq üçün şəhərbəşəhər gəzir. Amma Əqil Mehdiyev böyük bir mübarizə, əzm, iradə nümayiş etdirərək arzularının arxasınca Bakı şəhərinə oxumağa gedir.

         91 il ömür sürən,10 uşaq atası olan görkəmli səhiyyə xadiminin kürəkəni, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi Adil Məmmədov deyir ki, altı illik tələbəlik həyatı başa çatdıqdan sonra Əqil Mehdiyev Qahab kənd ambulatoriyasında və Nehrəm Kənd Xəstəxanasında baş həkim işləyib. Həmin vaxt görkəmli ədib Cəlil Məmmədquluzadənin qızı Münəvvər Məmmədquluzadənin də işlədiyi bu tibb ocağında Əqil həkim böyük təcrübə qazanmışdı. Tezliklə onun təşkilatçılığına görə xəstəxanada çarpayıların sayı 50-yə çatdırılır, stomatoloq və pediatr ştatları alınır, xidməti avtomobil verilir. Nehrəm Kənd Xəstəxanası 1960-1973-cü illərdə baş həkimin əməyi, nüfuzu sayəsində ən nümunəvi, təmiz səhiyyə ocağına çevrilir.

         Qeyd edək ki, yüksək təşkilatçılıq qabiliyyətinə görə, Əqil həkim 1973-cü ildə indiki Naxçıvan Muxtar Respublika Xəstəxanasına baş həkim təyin olunur və 11 il burada çalışır. Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayev deyir ki, həmin vaxt mən uşaq xəstəxanasında çalışırdım. Ə.Mehdiyev baş həkim işlədiyi illərdə bir çox yeniliklərə imza atmışdı. Naxçıvanda ilk dəfə Naftalan nefti ilə fizioterapevtik müalicə şöbəsinin təşkil edilməsi təşəbbüsü ona aiddir. Bundan başqa, xəstəxanadakı cərrahların vahid şöbədə cəmləşməsi ideyası ilə çıxış etmişdi. Bu illər ərzində onun bacarığı və səyi sayəsində qədim diyarın ən böyük səhiyyə ocağında əsaslı islahatlar aparıldı. 1984-cü ilin iyul ayında isə heç bir səbəb olmadan işdən  uzaqlaşdırıldı və yenidən Nehrəm xəstəxanasına adi həkim kimi göndərildi. Bu haqsız addım Əqil həkimi dərindən sarsıtdı. Amma müstəqillik illərində həqiqət, haqq öz yerini tapdı. Naxçıvan səhiyyəsi üçün mühüm işlərə imza atan Əqil Mehdiyev 1995-ci ildə muxtar respublikanın Səhiyyə naziri vəzifəsinə təyin olundu və 9 il səmərəli fəaliyyət göstərdi. O vaxt nazir kimi uşaq  xəstəxanasına tez-tez gələr, həkimlərin qayğıları ilə maraqlanardı. Şəxsən mən onun məsləhəti və göstərişi ilə Minsk şəhərinə təkmilləşdirmə kursuna göndərilmişəm.

         Əqil həkimin əməyinə  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən hər zaman yüksək qiymət verilib. Dahi şəxsiyyətin müxtəlif vaxtlarda imzaladığı fərmanlara əsasən o, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. Səhiyyə işçilərinin əməyinin hər zaman yüksək qiymətləndirilməsi ənənəsi muxtar respublikamızda tanınmış həkim və ictimai xadim Əqil Mehdiyevin 100 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə davam etdirilir. Bununla bağlı oğlu Səftər deyir ki, atamın anadan olmasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzalanan sərəncam müstəqil dövlətimiz tərəfindən Əqil Mehdiyevin əməyinə verilən yüksək qiymətin, ümumilikdə, səhiyyəmizin inkişafına, zəngin ənənələrinin qorunub yaşadılmasına və təbliğinə dövlət qayğısının daha bir ifadəsidir. Buna görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif  Talıbova ailəmiz adından dərin minnətdarlığımı bildirirəm. Bu mühüm dövlət sənədi hər birimizi ürəkdən sevindirdi. Bir daha şahid olduq ki, Əqil Mehdiyevin ictimai xadim və həkim kimi xidmətləri heç vaxt unudulmur.

         Muxtar respublikamızda tibb kadrlarının yetişməsində böyük əməyi olan səhiyyə təşkilatçısı, el ağsaqqalı Əqil Mehdiyevin həyatı gənc həkimlər üçün əsl örnəkdir. Onun əziz xatirəsi muxtar respublikanın səhiyyə tarixində həmişə hörmətlə anılacaqdır. Elə Ali Məclis Sədrinin imzaladığı sərəncam, bu mühüm dövlət sənədinin icrası istiqamətində həyata keçiriləcək tədbirlər nüfuzlu el ağsaqqalının, fədakar həkimin, ictimai xadimin həyat və fəaliyyətinin öyrənilməsi və təbliği istiqamətində mühüm rol oynayacaq.

                                                                          Muxtar RZAZADƏ- Babək rayonunda çıxan “Şərqin səhəri” qəzeti, 26 sentyabr 2020-ci il