Naxçıvanda Aşura günü qanvermə aksiyaları təşkil edilib

2023-07-28 / 17:07:44

Məhərrəm ayının 10-cu günü – Aşura günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən keçirilən könüllü qanvermə aksiyaları zamanı insanlar bu mənəvi dəyərlər ətrafında həmrəy olmuş, ehtiyacı olanlara həyat verilmişdir.

Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları Naxçıvan şəhəri üzrə Heydər Məscidində, Sarvanlar məscidində, Cami məscidində, Babək rayonu üzrə Babək Rayon Mərkəzi Xəstəxanasında, Cəhri, Nehrəm, Zeynəddin, Qahab kənd həkim ambulatoriyalarında, Şərur rayonu üzrə Şərur Rayon Mərkəzi Xəstəxanasında, Püsyan kənd məscidi və Xanlıqlar kənd İmamzadəsində, Ordubad rayonu üzrə Ordubad Rayon Mərkəzi Xəstəxanasında, Culfa rayonu üzrə Culfa Rayon Mərkəzi Xəstəxanasında və Bənəniyar kənd həkim ambulatoriyasında, Şahbuz rayonu üzrə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında, Kəngərli Rayonu üzrə Kəngərli Rayon Mərkəzi Xəstəxanasında, Qarabağlar və Xok kənd həkim ambulatoriyalarında, Sədərək rayonu üzrə isə Sədərək Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilib.                                                                                                                                                

Aksiya zamanı sanitar-gigiyena qaydalarına ciddi əməl edilib, donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Həkim briqadaları əvvəlcə donorlarda arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün müayinələr aparıb, sonra müvafiq qan qruplarına uyğun qan götürülüb. Dindarlar sivil qaydada, könüllü olaraq qanvermə aksiyasında iştirak ediblər.

Günorta saatlarınadək davam edən aksiyada Naxçıvan şəhəri üzrə 227 nəfərdən 89, Şərur rayonunda 95 nəfərdən 38, Babək rayonu üzrə 110 nəfərdən 55, Ordubad rayonunda 38 nəfərdən 16, Culfa rayonunda 79 nəfərdən 39,5, Şahbuz rayonunda 60 nəfərdən 12, Kəngərli rayonunda 63 nəfərdən 32, Sədərək rayonunda 60 nəfərdən 30  litr qan tədarük edilib.

Bütövlükdə 732 nəfərdən götürülən 311,5 litr qan qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan Bankına və “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin və “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsin tərkibində olan qan kabinələrinə təhvil verilib.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti