Təcili yardım işçiləri şəhid analarını təbrik etdilər

2022-03-09 / 12:45:36

Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin kollektivi  “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Vətən uğrunda canlarından keçən şəhidlərimiz Vəli Quliyev, İslam Eyvazov, Pərviz Məmmədzadə və Sahil Babayevin ailələrinə baş çəkiblər. Onlar bayram hədiyyələri ilə təbrik edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş övladlarını itirən analara öz ehtiramlarını bildiriblər.

Tibb işçiləri görüş zamanı bildiriblər ki, şəhidlərimiz kimi, onların anaları, bacıları, ailə üzvləri də bizim üçün çox qiymətlidirlər. Təcili yardım işçiləri təmənnasız olaraq hər zaman şəhid ailələrinə təcili tibbi xidmət göstərməyə hazırdırlar.

Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlər kimi şəhid anaları da müqəddəs və dəyərlidir. Çünki bu xanımlar vətənin çətin günündə onu müdafiə edən və uğrunda şəhid olan dəyərli oğullar, qızlar böyüdüb. Təcili yardım işçiləri şəhid analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür ediblər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti