Babək və Culfa rayonlarında “Heydər Əliyev ili” tədbirləri çərçivəsində tibbi aksiyalar təşkil edilib

2023-02-24 / 17:38:35

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Respublikasında elan olunmuş “Heydər Əliyev ili” tədbirləri çərçivəsində muxtar respublika sakinlərinə hümanitar tibbi aksiyalar təşkil olunur. Ümummilli liderin əziz xatirəsinə həsr edilmiş humanitar aksiyalarda Babək və Culfa rayon sakinləri də iştirak edib. Belə ki, fevralın 24-də Babək Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi Şəxsin ixtisaslı həkim briqadası tərəfindən rayonun Vayxır Kənd Ambulatoriyasında Vayxır və Xal-Xal kənd sakinləri üçün Mərkəzi Xəstəxananın nevropatoloq, terapevt, pediatr, kardioloq, USM, ginekoloq, oftolmaloq, stomotoloq həkimləri tərəfindən həkim və laborator xidmətlər göstərilib. Ümumilikdə 204 nəfərin iştirak etdiyi aksiyada 250-dən çox müayinə aparılıb ki, həmin müayinələr zamanı 19 nəfərdə patologiyalar aşkarlanıb. Patologiya aşkarlanmış şəxslər müayinə proseslərinin davamı üçün Babək Rayon Mərkəzi Xəstəxanasına dəvət olunub.

 Eyni məqsədlə Culfa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin ixtisaslı həkim briqadası tərəfindən isə rayonun Əbrəqunus kənd sakinlərinə müxtəlif tibbi xidmətlər göstərilib. Belə ki, Xəstəxananın nevropatoloq, terapeft və otolorinqoloq həkimləri tərəfindən müayinə edilən 46 kənd sakinindən 35-də müxtəlif xəstəliklər (Xroniki tonzillit, miqren, hipertoniya, revmatizm, böyrək daşı, qastrit, burun qanaxması, eşitmə zəifliyi və s.) aşkar edilib.

İxtisaslı həkimlər müayinələrin nəticələrinə uyğun olaraq yerindəcə lazımi müalicələri icra etməklə yanaşı, bəzi xəstəliklərə görə də müvafiq xəstəxanada müalicələrini davam etdirmələri üçün sakinlərə tövsiyələr veriblər. Yenidən müalicə və müayinələrinin aparılması məqsədilə bəzi sakinlər Rayon Mərkəzi Xəstəxanasına dəvət olunub.

Qeyd edək ki, növbəti belə aksiya fevralın 25-də Naxçıvan Muxtar Respublikası Publik hüquqi Şəxsi tərəfində Şahbuz rayon sakinləri üçün təşkil edilcək.

Muxtar respublikada əhalinin sağlamlığının diqqətdə saxlanılması, yaranan xəstəliklərin, infeksiya və virusların yayılmasının qarşısının alınması, eləcə də müxtəlif xəstəliklərdən əziyyət çəkən sakinlərə tibbi xidmətin göstərilməsi məqsədilə mütəmadi olaraq həkim briqadalar tərəfindən istər şəhər və rayon mərkəzlərində, istərsə də yaxın və ucqar dağ kəndlərində bu cür hümanitar tibbi aksiyalar təşkil olunur ki, bu da əhalinin sağlamlığı istiqamətində görülən tədbirlərin bariz nümunəsidir.  

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti