İmmunlaşdırma həftəsində 383 uşaq peyvəndə cəlb olunub

2023-05-25 / 10:21:57

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün muxtar respublikada da uğurla həyata keçirilir. Uşaqların sağlam və hərtərəfli inkişafı üçün əsas şərtlərdən biri də uşaqlar arasında yoluxucu xəstəliklərlə mübarizə işinin düzgün təşkil edilməsidir. Uşaqlarda immun sistem zəif olduğu üçün yoluxucu xəstəliklər zamanı orqanizm öz müdafiə sistemini qura bilmir və bu hal ağır nəticələr verə bilir. Bu məqsədlə uşaqların inkişaf aylarına uyğun olaraq profilaktik peyvəndlər tətbiq edilir.

Muxtar respublikamızda da bu istiqamətdə - uşaqların sağlamlığının qorunması, onların hər hansı bir xəstəlik və ya infeksiyalara yoluxmasının qarşısının alınması istiqamətində mühüm işlər görülür, bütün uşaqlar həkim nəzarəti ilə peyvənd təqviminə əsasən vaxtı-vaxtında peyvəndə cəlb olunurlar. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri tərəfində mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir, immunlaşmanın əhəmiyyəti barədə valideynlərə ətraflı məlumatlar verilir.

Tədbirlərin davamı olaraq, bu il də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə 24-29 aprel 2023-cü il tarixlərində “İmmunlaşdırma həftəsi”nə start verilmişdir. Əmrə əsaslanaraq Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında aprel ayının 24-dən kütləvi profilaktik peyvəndlərin aparılmasına başlanılmışdır. Belə ki, bu müddət ərzində muxtar respublikada 383 nəfər peyvənddən yayınmış uşaq peyvəndə cəlb olunmuşdur ki, onlardan da 132-si 0-1 yaş, 127-si 1-2 yaş, 57-si 3-6 yaş, 67-si isə 6 yaşdan yuxarı olmuşdur.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti